top of page

“AZEL Systems” BIM texnologiyalarının MDB ölkələrində tətbiqinə həsr olunmuş konfrans keçirib


Dekabrın 16-də Bakıda “Fairmont” mehmanxanasında BIM (Building Information Modeling) texnologiyalarının MDB ölkələrində tətbiqinə həsr olunmuş konfrans keçirilib. Konfransın təşkilatçısı “AZEL Systems” şirkətidir.

Tədbirin tərəfdaşı qismində layihələndirmə və tikinti proseslərinin optimizasiyası və rəqəmsallaşdırılması üzrə dünya lideri olan “Autodesk” (ABŞ) şirkəti çıxış edib.


Tədbiri giriş sözü ilə açan “AZEL Systems” şirkətinin Baş Direktoru İqor Yakovenko rəhbəri olduğu təşkilatın 2013-cü ildə yarandığını və hazırda Qafqaz regionunda layihələndirmə və tikintinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması sahəsi üzrə aparıcı sistem inteqratorlarından biri olduğunu deyib.


O, həmçinin qeyd edib ki, “AZEL Systems” artıq 2 ildir ki, “Autodesk”in Azərbaycanda yeganə “Qızıl Partnyor”udur.

Çıxışının sonunda İ.Yakovenko yalnız lisenziyalı “Autodesk” istehsalı olan proqram təminatından istifadənin vacibliyini xüsusi olaraq vurğulayıb. Məhz lisenziyalı həllərdən istifadə layihələndirmə zamanı modellərin dağılması riskindən qurtulmağa, eyni zamanda, tikinti və xərclərin idarəsi proseslərini sürətləndirməyə imkan yaradır.


Daha sonra “Autodesk” şirkətinin MDB ölkələri üzrə Regional Meneceri Gennadiy Molodetskiy “BIM texnologiyaları dayandırıla bilməz” adlı məruzə ilə çıxış edib.


BIM texnologiyalarının Ukrayna, Türkiyə, BƏƏ kimi ölkələrdə mülki və sənaye layihələndirmə və tikinti sahələrində tətbiqi təcrübəsindən geniş söhbət açan G.Molodetskiy əlavə edib ki, Azərbaycanda da bu tip texnologiyaların tətbiqi üçün yaxşı baza mövcuddur. Belə ki, “Autodesk” şirkətinin istehsalı olan proqram təminatlarından artıq bir sıra Azərbaycan şirkətlərində uğurla istifadə olunur. Həmçinin tədbirdə Ukraynanı təmsil edən layihələndirmə və tikinti şirkətlərinin nümayəndələri – Aleksandr Kanivets, Roman Makarov, Aleksey Sokolovskiy çıxış ediblər. Onlar özlərinin BIM texnologiyalarının tətbiqi və istifadəsi üzrə təcrübələri ilə bölüşüb və bu tip texnologiyaların əsas üstünlüklərindən söhbət açıblar.


Konfransda iştirak edən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN, “Azfen”, “Sumqayıt Texnologiyalar Parkı”, “Tecnimont” və bir sıra digər təşkilatların nümayəndələri bütün çıxışlara maraqla qulaq asıblar və belə tədbirlərin hər il keçiriləcəyinə ümidvar olduqlarını qeyd ediblər.


Konfransın sonunda İ.Yakovenko, G. Molodetskiy və digər qonaqların iştirakı ilə panel diskussiya təşkil edilib.

İştirakçılar bir çox məsələləri müzakirə edib və bu qənaətə gəliblər ki, BIM texnologiyalar kimi innovativ həllərin tətbiqi Azərbaycan üçün vacib məqsəddir və bu proses yalnız lisenziyalı proqram təminatının istifadəsi ilə həyata keçirilməlidir.


Konfransın sonunda şam yeməyi verilib.


Comments


Featured Posts
Recent Posts
bottom of page